Cəbhədə tarix yazan hərbçilərimizdən birinə mersedes markalı avtomobil hədiyyə alan azərbaycanlı iş adamı Fərid Novruzi həmin qəhrəmanımızı tapdı! Fərid Novruzinin paylaşımı:
Dostlar, qəhrəman qardaşım tapıldı.
Allahın işinə baxın.
Öncədən onu deyim qardaşımızı Allah saxlayıb.
Demək döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı.
Və bu gün...
Bu səhər, FB messengerime bir izləyicim, əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun kontaktlarını göndərdi, və əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igid ilə qürur duydum. Qərar aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa yaxşıdı?
Qardaş dedi ki, - Şəhərə gəlirəm, axşam görüşə bilərik.
İnan ki, elə xoşbəxt idim ki, elə sevinirdim ki, və Əlhəmdülillah axşam bir araya gəldik.
Qardaşın üzünü məlum səbəblər ilə göstərə bilmirəm, amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamsını mənimlə bölüşdü.
Və bir şey danışdı, bunu paylaşmaya bilmərəm. Döyüş vaxtı ayağından güllə yarası alanda digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər öz üzərində aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və əsasda özünü qoru, zarafatla da əlavə edib ki, unutma, səni iki qapılı maşın gözləyir.
Nə deyim. Vallahi belə oğullarımız olduqca bu dövlətə heç bir zərər gəlməz, heç bir düşmən önümüzdə dayana bilməz. Allah igidlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!