Üsyanın getdikcə geniş miqyas aldığını görən bolşeviklər, onun yatırılması üçün təcili tədbirlər görməyə başladı. Bakıdan, Gürcüstan sərhəddindən 179-cu alay və 20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə gətirildi. İki gündən sonra Zaqatala bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə ətrafında yerləşdirildi.
Erməni qüvvələri elə ilk gündən rus-sovet işğalçılarına yaxından kömək edirdilər.
Mayın 28-da Qırmızı Ordu qüvvələrinin Şəmkir tərəfdən üsyançıların üzərinə ilk mütəşəkkil hücumu başladı. Hərəsində təxminən 2 eskadron olan 4 süvari qolunun üsyançıların mövqeyinə doğru hərəkətlənirdi. Lakin, 6 topdan, 22 pulemyotdan, nişançı və partizanlardan ibarət tabordan hüçuma keçən süvarilərə açılan çox şiddətli cinah atəşi ilə darmadağın edildı!
Üsyançıların mövqelərinin önündəki sahə büsbütün ölü və yaralılarla örtülmüşdü, bolşeviklərin süvari diviziyası bu itkilərin sayı nəzərə alınsa, əslində, demək olar ki tam məhv edilmişdi!
Elə həmin gün bolşeviklər Helenendorf (indiki Göy-Göl) səmtindən də hücuma keçdilər. Milli Orduınun 1-ci pulemyot bölüyü Gəncənin ermənilər yaşayan hissəsində olan taboru və partizanları gücləndirmək üçün ayrıldı. Həmin tabor və partizanlar birgə dirənişlə bolşeviklərin o istiqamətdəki həmlələrini dəf edib, onları orda da olduqca ağır itkiyə uğratdı.
Ağır, qanlı, lakin tariximizin ən Şərəfli və Mübariz 28 May günü belə keçdi!
28 May İstiqlal Bayramında üç rəngli bayrağımizı Azərbaycan səmasında dalğalandıran yenə də Gəncə oldu !
Gəncə öz qədim ənənəsinə sadiq qalaraq bir daha göstərdi ki, İstiqlal və Azadlığın keşiyində möhkəm və şərəflə dayanıb!
Həmin günü Gəncənin timsalında bütün Azərbaycanın və Milli Ruhun mənəvi qələbəsi günü saymaq olar!
Üsyançıların qəhrəmancasına müdafiyəsi və əks-hücumları bolşevikləri çox ağır vəziyyətə saldı. Belə olduqda XI Qırmızı Ordu komandanlığı Gəncəyə yenə də durmadan əlavə qüvvələr gətirirdi.
Mayın 30-da Gəncə ətrafında XI Ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi.
Ümumiyyətlə bolşeviklərin Gəncə Üsyanını yatırtmağa cəlb etdiyi güvvələrin sayına və sürsatına nəzər yetirsək üsyanın hansı miqyasda olduğu haqda təsəffürümüz olar.
Buyurun:
Bakıdan gətirilmiş 8 Zirehli Qatar, Erməni Dağ Batareyası(!), 57 Ağır Top, 20-ci Süvari Briqadası, 1 Artilleriya Divizionu, 30 İriçaplı Pulemyot, 18-ci Süvari Diviziyası, Qaubitsa Divizionu, İkinci Briqada tərkibində: 175-ci, 176-cı Atıcı Alaylar, Yüngül Artileriya Divizionu, Zirehli Divizion. Üçüncü Briqadanın nəznində: 178-ci, 179-cu, 180-ci Atıcı Alayları, Rabitə Batalyonu
Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi.
Mayın 28-dən sonra hücumlar genişləndi. Mayın 31-dən iyunun 1-nə keçən gecə şiddətli hücumlar oldu əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və zirehli avtomobillərin işə salınması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. İyunun 2-dən Vağzal tərəfdən zirehli qatarlardan şiddətli atəş açmağa başladılar
Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Lakin, buna baxmayaraq üsyançılar çox mərdliklə vuruşub, müvəffəqiyətlə müdafiyə olunurdular və bolşeviklərə olduqca ağır zərbələr vurmaqda idilər.
Amma elə bu məqamda yenə də sapı özümüzdən olan baltalar işə salındı...
Bu barədə Gəncənin ziyalı ağsaqqalı, rəhmətlik Tofiq Bağırov "Gəncə- üsyanmı, qiyammı?" məqaləsində belə yazırdı:
- "Bakıdan xüsusi missiya ilə Gəncəyə gələn Azərbaycan Kommunist (bolşevik) Partiyasının fövqalədə komissarı Həmid Sultanov və M.Əfəndiyev Gəncə qalasında saxlanan 2000 nəfərədək soldat və zabiti özləri ilə gələn bolşeviklərin köməyi ilə azad etmişdir, təzədən silahlandıqdan sonra şəhərin mərkəzində müdafiəçilərə arxadan zərbə vurmaqla hadisələri bolşeviklərin xeyrinə dəyişmişlər"
Bu fakt, üstəgəl Gəncədə yaşayan ermənilərin bolşeviklərə silahlı yardım etməsi bu savaşın müqəddəratını həll etmiş oldu.
Gəncə üsyanının yatırılmasında "qəhrəmanlığa" görə isə Həmid Sultanov 1920-ci ildə "Qırmızı bayraq" ordeni ilə təltif olundu...
"Mayın 30-31-də və iyunun 1-də qəhrəman müdafiəçilər hər gün bir neçə dəfə bolşeviklərin hücumunu dəf edərək, onları geri oturdur və çox böyük itkilərə uğradırdı. Həmin günlər lap ağır keçdi. Mövqelərdə silahlı qadınların görünməsi və onların heydən düşüb üzülmüş döyüşçüləri ruhlandıraraq mübarizəni davam etdirməyə çağırması insanı titrədir və unudulmaz təəssürat oyadırdı. İyunun 3-də, dan ağaran kimi, bolşeviklər hər cür çaplı toplardan şəhərə mərmi yağdırmağa başladılar. Təxminən gündüz saat 12-də vəziyyət lap dözülməz oldu. Geri çəkilmək lazım idi. Amma bundan ötrü düşmənin mühasirəsini yarmalıydın. İyunun 4-də, dan doğarkən, yarımçıq taborla özümüzü toplayıb hücuma keçdik və mühasirəni yardıq. Tabor irəliləyərək şəhərin şimal-qərbindəki yüksəkliyə çatdı və orada möhkəmlənib düşmənin cinahlarını atəşə tutdu. Mühasirənin yarıldığı istiqamətdə bir neçə saat boyunca şəhəri tərk edən əhalinin gediş-gəlişi kəsilmədi. İyunun 4-dən 5-ə keçən gecə 3-cü Gəncə alayından və yurdsevərlərdən sağ qalanları sərbəst buraxdım. Beləcə, Azərbaycan xalqının silahlı üsyanı başa çatdı. Azərbaycan milli qoşunlarının və əhalinin apardığı qəhrəmanca mübarizə və axıtdığı qan, öz canlarını belə Vətənə əsirgəməmələri Azərbaycan xalqının əzəmətli ruhunu üzə çıxardı. Tarix bu qurbanları unutmayacaq. Onlar gələcək milli AZƏRBAYCANIN sementi və təməlidir."(Cahangir Kazımbəyli).
Üsyançılar nə qədər mərdliklə mübarizə aparsalar da sonunda Gəncə üsyanı məğlubiyyətə düçar oldu. Üsyan top-tüfəng gücünə yatırıldı.
Şərəfsizliyi qəbul etməyən üsyançılar müqaviməti davam etdirmək üçün dağlara çəkilib qaçaq dəstələri düzəldərək mübarizəni bir neçə il daha davam etdirdilər.
Bir az sonra Gəncə üsyanı Azərbaycanın bir çox yerinə yayıldı.
Amma, əfsuslar olsun ki, Gəncə Üsyanının baş verdiyi vaxt, gəncəlilərin vətənimizin azadlığı və istiqlalı uğrunda apardığı savaşa, mübarizəyə qoşulub, dəstək olan şəhərlərimiz və bölgələrimiz olmadı, eynən 1804-cü ildə olduğu kimi...
Üsyan yatırılandan sonra bolşevik-erməni qüvvələri üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar.
Vağzal tərəfdən və şəhərin yuxarı hissəsindən atılan top mərmiləri şəhərin bir çox binalarını dağıtdı, Şah Abbas və Ozan məscidləri də bu aqibətlə üzləşdilər. Şah Abbas cümə məscidinə düşmüş mərmi zərbəsi nəticəsində minarələrdən biri əyilmişdir və bu hal bu günümüzdə də müşahidə olunmaqdadır.
Ozan məscidində başqa, çox dəhşətli bir faciə də baş vermişdir. O faciənin canlı şahidi olmuş Məmməd Ibrahim oğlu Altunbəy Ankarada çıxmış "Hürriyyətə uçan ilk pilot" kitabında o günləri xatırlayaraq yazırdı:
"Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidnin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaratmışdı... Diridiri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı...".
Bolşeviklər şəhərdən çıxa bilməyən dinc əhalini mühasirəyə alaraq kütləvi şəkildə güllələyirdilər. Qeyri-rəsmi məlumatlara görə 12 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşalmışdı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə, yəni üsyandan 3 il il sonra, insanların artıq şəhərə qayıtdığından sonra bu rəqəm ancaq 38.880 idi...
Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən neçə min adam məhkəməsiz güllələndi. Qırmızı ordu Gəncə döyüşlərində çox da dəqiq olmayan məlumata görə 9 min nəfər itirdi.
Gəncə üsyanının mübarizlərindən general-mayor Mirzə Qacar, kapitan Mirizadə, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudinbəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, görkəmli maarifci-müəllim Mirzə Abbaszadə və başqaları namərd güllələrinin qurbanı olub.
Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi...
Gəncə Üsyanı Bolşevikləri çox böyük təşvişə saldı və üsyandan həmən sonra onlar xüsusi sərəncamlar verdilər.
"Təlqin olunmuş milli və dini ideyalar zəminində köklənən qarışıqlığın kütləvi xarakter ala biləcəyi" imkanı nəzərə alınırdı.
Digər bir sərəncamda xalq narazılığını doğuran halların dərin səbəblərini araşdırılaraq, qarşısı alınmaq üçün yeni qaydalar qoyuldu:
"Bir şeyin pulu ödənilmədən müsadirəsi əsla yolverilməzdir. Qəbz təqdim etmədən, yerindəcə haqqını nağd pulla ödəyin. Hər bir adama izah edin ki, insanların öz dininə ehtiram bəsləməyə haqqı var və hazırkı vaxtda din xadimlərinə qarşı təbliğatı dayandırmaq, adət-ənənələrə hörmət etmək lazımdır!"
Bir azca keçmişə nəzər salsaq, XI Qızıl Ordunun baş komandanlığının həyəcanlı tonlu əmrlərinin məhz Gəncə Üsyanının təsiri altında verdiyi çox açıq şəkildə duyulur.
Yazını "Azərbaycan" qəzetinin redaktoru, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin Gəncə Üsyanını haqda sözləriylə bitirmək istəyirik:
“Gəncə Üsyanı- Millətimizin Şərəf və Namusunun yenidən kəsbi, etibar qazandığı bir dastandır!
Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!”