Türk ordusu gələnədək müsəlman əhalini ermənilərin hücumundan qoruyan elə öz igidlərimiz qoçular,milyonçular və ziyalılar olub
Hələ Türk zabiti Nuru Paşanın ordusunun Bakıya gəlməsinə 2 gün var idi. Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş. Həmin dövrdə ayrı-ayrı dəstələrə parçalanan Bakı qoçuları milyonçularla və ziyalılarla birləşərək xalqın köməyindən istifadə etməklə şəhəri ermənilərin hücumundan qoruyublar. Hadisələrin idarə olunduğu mərkəz isə “İsmailiyyə” nin binasında olub. Bakının müsəlman əhalisini qırğından xilas etmək üçün tək yol onların birləşməsi olub ki, onlar da bunu ediblər. Daşnaklara qarşı döyüşdə göstərdiyi şücaətə görə, onlar arasında sonradan ordenlə təltif olunanları da olub. Maştağa qoçusu olan Nəcəfqulu kimi.
Bakı igidlərinin də fəal iştirak etdiyi döyüşlər əsasən paytaxtın mərkəzi küçələrində baş tutub.
Bakının erməni işğalından azad olunması məsələsi uzun illər araşdırılmamış qalıb. İlk dəfə mövzunu “ANS Nəşriyyat Evi” nin dərgisi olan “EL” jurnalı üzə çıxarmışdı. Məqalədən sonra, Bakı igidlərinin şəhərin müsəlman əhalisini qorumaq üçün atdığı addımlar tarixçilərin də diqqətini cəlb elədi.
Həmin dövrü tədqiq edən tarixçilər deyirlər ki, şəhəri əhatəyə almış Qafqaz müsəlman ordusuna düzgün məlumatları məhz qoçular verirdilər. Professor Musa Qasımlı buna sübut kimi o vaxt şəhərdə olan ingilis generalı Denstervilin xatirələrinə istinad edərək deyir ki, şəhəri işğaldan azad edən topçular dəqiqliklə atəş açır və bu atəşdən memarlıq abidələrini zərərsiz çıxarırdılar.
Bu gün tarixdə Bakını ermənilərin hücumundan yalnız Nuru Paşanın rəhbərlik etdiyi türk ordusunun xilas etdiyi göstərilir. Biz bunu danmırıq. Şəhidlər Xiyabanının yanında Türk Şəhidliyi Kompleksi də bunun sübutdur. Burda bir faktı da danmaq olmaz ki, Türk ordusu gələnədək müsəlman əhalini ermənilərin hücumundan qoruyan elə öz igidlərimiz olub.
