“ETTELAAT”
Добавлено: 14 июл 2013, 19:00
Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı yarışması ərəfəsində Azərbaycan prezidentinə sui-qəsd hazırlamaqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə və digər ağır cinayətlərdə ittiham olunan Samir Sanıyev və onun rəhbərlik etdiyi 28 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 2-də keçirilib. İyulun 9-da bu cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Dəstənin ittiham olunduğu 922 saylı cinayət işini əldə etmişik. Cinayət işi ictimai maraq doğurduğundan ittiham olunan şəxslərin ifadələrini ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.
“ETTELAAT”ın hərbi bazasında xüsusi hərbi təlim keçdik”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın Həsənov “Əl-Qaidə”, “Taliban” terror təşkilatları ilə əlaqələrindən, Pakistanda, Əfqanıstanda, Dağıstanda, Çeçenistanda aparılan cihadlarda iştirak etməsindən, əcnəbi vətəndaşlarla əlaqəsindən danışıb.
Onun sözlərinə görə, Suriyanın Dəməşq şəhərində olarkən Hacı Bilal və digər şəxslərlə tanış olub. Bildirib ki, tanış olduğu Hacı Bilal və Musaib “Əl-Qaidə”nin nümayəndələri olub: “Həmin şəxslər Dağıstan, Çeçenistan, Əfqanıstan və Pakistanda döyüşmək üçün mücahidlərin toplanması ilə məşğul olublar. Bu məqsədlə mücahid toplayan nümayəndələrinin fəaliyyətini də koordinasiya ediblər. Tehran şəhərində mən və digərləri bir neçə gün bir evdə qaldıq. İki gün sonra həmin evə “Doktor Əli” və “Abubəkir” ləqəbli Asif Mirzəyev gəlib. Muhəmməd adlı iranlı həmin şəxsi bizə əmir təyin edib. Bundan sonra biz Tehran şəhərinin kənarında yerləşən “ETTELAAT”ın hərbi bazasına aparıldıq. Həmin bazada xüsusi hərbi təlim keçən günlərdə “Doktor Əli”nin Musab və Abu-İsmayıl ləqəbli qardaşları, habelə Abdulrauf və Qaqa ləqəbli şəxslər də gəlib. Bir-iki gün sonra isə həmin bazaya daha üç nəfər, İsmayıl, Zeyd və Abdullah və ya Abdulrəhman adlı türklər gəldilər. Bir neçə gün sonra yenə də daha iki nəfər çeçen və kabardin müllətindən olan şəxslər gəldilər. Təlimdə Nicat, Yunus, Şükrün, Mehman, Tural, Hüseyn, Ruslan, Mahir Doktor Əli, Abdul-Rauf, Abu-İsmayıl, Zeyd, Abdullah və ya Abdulrəhman ləqəbli şəxslər, 4 nəfər çeçen və kabardin iştirak ediblər. Hacı Bilal da təlim keçən yerə gəlib. Hamı toplanandan sonra Hacı Bilal mənə və başqalarına bu düşərgənin İran Xüsusi Xidmət Orqanı “ETTELAAT”a məxsus olduğunu, bu işin arxasında İran dövlətinin durmasını bildirib”.
İranda Azərbaycanda cihada başlamaq təklifini kim verib?
A. Həsənov qeyd edib ki, digər şəxslərlə birlikdə “ETTELAAT”ın hərbi bazasında təxminən iki ay müddətində atəş hazırlığı, fiziki hazırlıq, müşahidə etmək, müşahidədən yayınmaq və sair hərbi dərslər keçiblər: “Təlim qurtardıqdan sonra ora bir nəfər şeyx gəldi. Həmin şeyx mənə və digərlərinə şiə təriqətini təbliğ etməyə başladı. Buna etiraz etdikdən sonra əmir təyin edilən Asif Mirzəyev, təlim keçən şəxslər, habelə iranlı Muhəmməd adlı şəxs bizə Azərbaycanda cihada başlamaq və Azərbaycana qarşı hücumlar təşkil etməyi təklif etdilər. Həmin iranlılar Azərbaycanda hicabın qadağan edilməsini, amma “Eurovizion” musiqi yarışmasının keçirilməsini əsas tutaraq, buna görə də oraya hücum etmək, partlayışlar törətmək lazım olduğunu və məhz bu məqsədlə bizə təlim keçdiklərini bildiriblər”.
“Bu təkliflərin arxasında İran dövləti dururdu”
A. Həsənovun sözlərinə görə, həmin vaxt Azərbaycana hücum etməyə etirazlarını bildiriblər: “Bu təkliflərin arxasında İran dövlətinin olduğunu və aldadıldığımız üçün düşərgədən getmək qərarına gəldik. Əvvəlcə mən, Abdulla ləqəbli Mahir, Mehman düşərgəni tərk etmək istədik. Lakin buna görə bizi düşərgədən ayıraraq ayrıca bir otağa saldılar. İran xüsusi xidmət orqanlarının əməkdaşları bizə bildirdilər ki, Azərbaycana qarşı əməkdaşlıq etməyə dair təkliflərini qəbul etməsələr, heç kim burdan sağ çıxa bilməz. Bir neçə gün orada qaldıqdan sonra İran xüsusi xidmət orqanı əməkdaşlarının təklifləri ilə razılaşdıq və qayıtmaqdan imtina etdik. “ETTELAAT” əməkdaşları məni otaqdan çıxararaq digərlərinin yanına yerləşdirdi.
Həmin vaxt Abdulla ləqəbli Mahir və Mehman getmək istədiklərinə görə ayrı otaqda saxlanılmaqda davam etdilər. Daha sonra Mehmanla Mahirin naməlum səbəblərdən buraxıldıqlarını eşitdim. Həmin vaxt artıq “ETTELAAT”la məxfi əməkdaşlığa razılıq verməyəcəyim halda, mənə qarşı təzyiqlərin artacağından ehtiyat etdim, “ETTELAAT”la məxfi əməkdaşlıq etməyə öz razılığımı verdim. Bu hadisələrdən təxminən bir ay sonra Əli ləqəbli Asif Mirzəyev mənə və digərlərinə bildirdi ki, xüsusi tapşırıq olanadək kim istəyirsə çıxıb gedə bilər. Bundan sonra mən, Şükran, Nicat, Yunus və Hüseyn getmək istədiyimizi bildirdik. Muhəmməd adlı iranlı hərəmizə 1000 ABŞ dolları dəyərində pul verdi və qəbzə qol çəkdirdi. Həmin qəbzdə nə yazılmasını bilməmişəm, qəbz fars dilində yazılıb. Muhəmməd mənimlə birlikdə Dəməşqə getdi. Bilet alıb məni və digərlərini Dəməşqdən Türkiyəyə yola saldı”.
A. Həsənovun sözlərinə görə, o, Moskvaya getməyi planlaşdırıb: “İstanbulda gömrük yoxlamasından keçəndə bizdən şübhələndilər. Mən və Nicatdan şübhələndiklərinə görə gömrük bizi saxladı, digərləri isə keçib getdilər.
Bundan sonra mənimlə Nicatı bir otaqda sorğu-sual etdikdən sonra Dəməşqə geriyə yola saldılar. Dəməşqdə bizi yenidən sorğu-sual etdilər. Muhəmməd adlı iranlının köməkliyi ilə buraxıldıq. Bundan sonra mən birbaşa Moskvaya, Nicat isə Gürcüstana getdi. Moskvada məni gömrükdə saxladılar, yenə də sorğu-sual etdilər, bir gün sonra sərbəst buraxdılar. Bundan sonra təyyarə ilə Tümen şəhərində yaşayan Elmar adlı dostumun yanına getdim, orada da bir ay qaldıqdan sonra Sumqayıta qayıtdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Azərbaycana qayıtdıqdan sonra “ETTELAAT” tərəfindən məxfi əməkdaşlığa cəlb olunmağı barədə Azərbaycanın müvafiq dövlət orqanlarına məlumat verməyib: “Sumqayıtda olduğum vaxt qardaşım Arif vasitəsilə Elmir Nurəliyevlə danışaraq onunla “20 Yanvar” metro stansiyası yaxınlığında görüşdüm. Elmir Nurəliyev harada olduğumu, mənə verdiyi tapşırığı icra etmədiyimi, verdiyi 70 min rublu hara xərclədiyimi soruşdu. Ona başıma gələn hadisələri, o cümlədən İran xüsusi xidmət orqanı tərəfindən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunduğumu danışdım. 70 min rublu isə yol xərclərinə sərf etdiyimi etiraf etdim”.
“Əbu-Bəkir” məscidini partladan Azər Misirxanov
“Eurovision-2012” cinayətində...
A. Həsənovun sözlərinə görə, 2007-ci ilin əvvəllərində Sumqayıt camaatının rəhbəri Abdulla ləqəbi ilə tanınan Azər Misirxanov və digər müsəlman qardaşlarla həmin şəhərdə çayxanalardan birində söhbət ediblər: “Söhbət edərkən Azər Misirxanov mənə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı cihadda iştirak etməyi təklif etdi. Azər Misirxanovun sözlərindən məlum oldu ki, yaşamaq üçün Əfqanıstanda “Taliban” hərəkatı tərəfindən hər bir şərait yaradılıb. Onun təklifi mənim fikrimlə üst-üstə düşdü. Bu məqsədlə çayxanadan dağılışanda Azərə yaxınlaşdım, arvadım ilə birlikdə Əfqanıstana getmək istədiyimi bildirdim, ora necə getməyin mümkünlüyünü soruşdum. O, Əfqanıstana getməyin çətin olmadığını bildirdi və məlumat verdi ki, əvvəlcə İranın Pakistanla sərhədində yerləşən Zahidan şəhərinə getmək lazımdı. Dudacan adlı şəxsi həmin şəhərdə tapmaq çox asandı. Mədrəsələrdən hər hansına girib tələbələrdən Dudacanın yerini soruşan olsa həmin şəxsi tapmaq mümkündür. Bundan sonra evə qayıtdım və arvadımla bu barədə danışdıq. Qərara gəldim ki, Pakistanın Vəziristan əyalətində yaşayış yeri edib, Əfqanıstanda döyüşlərdə iştirak edim”.
“Eurovision-2012” terrorunda uşaq oyuncaqlarından
istifadə olunacaqdı...
Təqsirləndirilən şəxs ifadəsində İrana, oradan Pakistana və Əfqanıstana getdiyini qeyd edib. O, Əfqanıstanda qanunsuz silahlı birləşmənin tərkibində koalisiya qoşunlarına qarşı döyüşlərdə də iştirak etdiyini göstərib. A. Həsənov ifadəsində həmçinin Azərbaycanda cihad edərək şəriət dövləti qurmaq, eyni zamanda Bakı şəhərində təşkil olunacaq “Eurovizion-2012” mahnı yarışması ərəfəsində terror aksiyalarının törədilməsi planlarından danışıb. Qeyd edib ki, Elmir Nurəliyev radio sxemlər üzrə uzaqdan idarə olunan partlayıcı qurğuların yığılması qaydasını təkidlə öyrənmək istəyib və bu barədə Nəriman Abbasoğluna bildirib: “Nəriman Elmirə həmin qurğunun yığılmasını öyrətmək məqsədilə bir ədəd uzaqdan pultla idarə olunan balaca uşaq maşını almağı məsləhət görüb. Elmirlə mən Nərimanın evinə dərsə gedərkən “Əhmədli” metrostansiyasının çıxışında yerləşən uşaq oyuncaqları satılan dükanlarının birindən balaca ölçülü pultla kənardan idarə olunan oyuncaq maşını aldım. Sonra Nərimana göstərərək bu oyuncaq maşına uzaqdan idarə olunan partlayıcı qurğu yığmağı öyrətməyi tapşırdım”.
Hacı Zeynalov
Redaksiyadan: Azər Misirxanovun 2008-ci il avqustun 17-də, saat 21 radələrində Bakının Nərimanov rayonu ərazisində yerləşən “Əbu Bəkir” məscidində baş verən partlayışın təşkil edilməsi və birbaşa icra edilməsində, eyni zamanda Azərbaycanda bir sıra terror aksiyalarının həyata keçirilməsinə cəhddə adı keçib. “Abdulla” ləqəbli Azərbaycan vətəndaşı A.Misirxanov 2009-cu ilin sonlarında Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən əməliyyat zamanı öldürülüb. Amma onun meyiti ortada olmadığı üçün ölməsi barədə dəqiq məlumat olmayıb. A. Misirxanovun bundan əvvəllər də bir neçə dəfə ölməsi xəbəri yayılsa da, lakin sonradan hazırlanan terror aksiyalarına cəhdlərdə iştirak etmələri məlum olub.